Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinə müraciət edib

Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropa Parlamentinin 750 deputatına müraciət ünvanlayıb. Müraciətdə insan hüquqları ilə bağlı Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Avropa Parlamentinin qonşu və digər ölkələrdə bu sahədə baş verən faktlara göz yumması, ikili standartlara əsaslanan münasibət bildirməsi tənqid olunur.
Sənəddə deyilir ki, “Ermənistan qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini, “Haynews.am” saytının məsul şəxsi Mqer Yeqizaryan saxlanıldığı “Nubaraşen” həbsxanasında keçirdiyi 44 günlük aclıq aksiyası nəticəsində həyatını itirib. Bununla bağlı bir sıra nüfuzlu xarici media orqanlarında, o cümlədən “The Washington Post” qəzetində “Erməni siyasi xadim aclıq aksiyasından sonra öldü” başlıqlı məqalə dərc edilib.
Müraciət müəllifləri xatırladır ki, siyasi məhbusun ölümündən sonra oğlu Vazqen Yeqizaryan Ermənistanın Baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümündə günahlandırıb: “Unutmayın ki, icraçılar şəxsən sizə yox, sizin vəzifənizə, kreslonuza tabedirlər...”
Avropa azərbaycanlılarının fikrincə, bütün bunlar erməni xislətini daha dəqiq ifadə etməyə və dünyanın ikili standartlarını bir daha xatırlatmağa əsas verir. Müraciətdə özlərinə qarşı belə qəddar münasibət göstərən ermənilərin azərbaycanlı girovlar Dilqəm və Şahbaza humanist yanaşmasının mümkünsüzlüyü Azərbaycan haqqında qərəzli bəyanatlar, qətnamələr qəbul edən Avropa Parlamenti üzvlərinin diqqətinə çatdırılır.
“Dəqiqləşdirilməmiş, doğru olmayan informasiyaların əsasında Azərbaycan Respublikası haqqında qətnamə qəbul edən beynəlxalq təşkilatlar erməni siyasi məhbusun həbsxanada acından ölməsinə qarşı nə üçün belə “dözümlü” davranır. Bu, ikili yanaşmanın bariz nümunəsi deyilmi?” - deyə müraciətdə bildirilir.
Sonda bir daha vurğulanır ki, ermənilər öz siyasi ambisiyalarını vətəndaşlarının həyatından üstün tutur, hətta insanın acından ölməsi belə onları siyasi ambisiyalardan çəkindirmir. Məhz, belə ambisiyalı erməni siyasətçilərin “sayəsində” Dağlıq Qarabağda müharibənin yenidən alovlanmasının labüdlüyü qeyd edilir.