Avropa Azərbaycanlıları Konqresinin rəhbərliyi Gürcüstanın Niderland Krallığındakı səfiri ilə görüşüb

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov və İdarə Heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Gürcüstanın Niderland Krallığındakı  Fövqəladə və Səlahiyyətli səfiri Georgi Şarvaşidze ilə göruşüblər.
Görüşdə Sahil Qasımov Axalkalakinin Buqaşen qəsəbəsində Azərbaycanın ərazi bütövlüyünün pozulmasında iştirak etmiş erməni Mixail Avaqyana abidə qoyulmasının Avropada yaşayan etnik azərbaycanlıların narahatlıgına səbəb olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanla Gürcüstan arasında strateji müttəfiqlik əlaqələri mövcuddur və xalqlarımızın qardaşlıq münasibətinin pozulmaması üçün bu cür halların qarşısı alınmalıdır.
Georgi Şarvaşidze isə Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğunun möhkəmliyindən danışıb, bu dostluğun dəfələrlə tarixin cətin sınaqlarından şərəflə çıxdığını qeyd edib. Azərbaycanla Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayan səfir bu münasibətlərin hazırda müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. O, həmçinin Axalkalakinin Buqaşen qəsəbəsində erməni Mixail Avaqyana abidə qoyulması məsələsi ilə bağlı araşdırma aparıldığını qeyd edib.
Georgi Şarvaşidze ilə söhbət əsnasında Sahil Qasımov GUAM təşkilatının — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommunike imzalamasını xatırladaraq Avropada məskunlaşmış Gürcüstan və Azərbaycan diasporunun birgə fəaliyyət göstərməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Sahil Qasımov və Elsevər Məmmədov Avropada fəaliyyət göstərən Gürcüstanınn "Bagration" təşkılatının sədri Maya Adiaşvili ilə mövcud problem barədə müzakirələr aparıb.
Xanim Adiaşvili bildirib ki, bu ağlasığmaz bir addımdır və ümid edirəm ki, bu məsələ tezliklə öz həllini tapacaq. Maya Adiaşvili Avropa azərbaycanlılarının narahatlığını öz ölkəsinə bildirəcəyinə söz verib.