Yunanıstanda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində anım tədbiri keçirilib. Tədbirdə faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Cəmiyyətin sədri Rəşid Məmmədov 20 Yanvar hadisələri barədə geniş məlumat verərək, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də azadlıq və müstəqillik uğrunda mübarizə, qəhrəmanlıq səhifəsi, milli azadlığın oyanış günü olduğunu vurğulayıb. Tədbirdə Yunanıstanda yaşayan həmvətənlərimizlə yanaşı türk gənclər və əcnəbi tələbələr də iştirak edib. Görüş çərçivəsində 20 Yanvar hadisələri barədə sənədli film nümayiş olunub, hadisələrə dair çıxışlar edilib.