Finlandiyada erməni təxribatının qarşısı alınıb

Finlandiya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi və Azərbaycan Türk Gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarova və təşkilatın üzvü Leyli Hüseynova tərəfindən erməni təxribatının qarşısı alınıb.
Belə ki, müxtəlif ölkələrdə təşkil edilən Beynəlxalq Turizm sərgilərinin növbətisi 16-20 yanvar tarixlərində Finlandiyada keçirilir. Helsinkidə Matkamessuda keçirilən turizm sərgisinə qatılan erməni şirkəti tərəfindən Azərbaycan ərazisi “Arsax” kimi təqdim edilib. Soydaşlarımız Ü.Cabbarova və L.Hüseynova sərgi keçirilən yerə yaxınlaşaraq ermənilərin burada təxribatla məşğul olduqlarını və Qarabağın Azərbaycan ərazisi olduğunu, “Arsax” adı altında Qarabağa turist cəlb edilməsinin təxribat xarakter daşıdığını onların nəzərinə çatdırıblar. Erməni şirkəti ilə uzun mübahisədən sonra Ülviyyə Cabbarova sərginin təşkilatçı-administratorunu Ermənistan stendinə dəvət edib və durumu ona izah edərək Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edən beynəlxalq sənədləri təqdim edib. Bundan sonra, soydaşlarımızın təkidi və tədbir təşkilatçılarının göstərişi ilə Qarabağın Ermənistan ərazisi kimi göstərildiyi xəritə və broşürlər sərgidən yığışdırılıb.