Qazaxstanda soydaşlarımız orden və medallarla təltif edilib

Dekabr ayının 16-sı Qazaxıstan Respublikasının Müstəqillik günüdür. Bu il Qazaxstan müstəqilliyinin 27-ci ildönümü qeyd edib. Bayram münasibətilə ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlar arasında dostluq və əməkdaşlığın güclənməsinə böyük töhfə verilməsində göstərdikləri xidmətlərə görə müxtəlif sahələrdə çalışan insanlar mükafatlandırılıb.
Qazaxstan Prezidenti Nursultan Nazarbayevin Sərəncamı ilə təltif olunanlar arasında altı nəfər azərbaycanlı da var. Onlar ölkənin inkişafında göstərdikləri xidmətlərə görə müxtəlif orden və medallarla təltif ediliblər. Təltif edilənlər arasında Qazaxıstan Azərbaycanlıları İttifaqının rəhbəri Əbülfəz Xamedov ən yüksək mükafata - II dərəcəli dostluq ordeninə layiq görülüb. Bu, son beş ildə Qazaxıstanda yaşayan azsaylı xalqların nümayəndələrinə verilən ən yüksək mükafatdır.
Qazaxıstanın iqtisadi nailiyyətlərində xidmətlərinə görə soydaşlarımız Allahverdi Mamedov, Bəxtiyar Mirzəyev, Faiq Mahmudov, Faiq Bayramov və Allahqulu Cəfərov da müxtəlif medal və mükafatlarla təltif olunublar.
Qeyd edək ki, Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır.