Finlandiyadakı soydaşlarımız Həmrəylik Gününü qeyd edib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Finlandiya Koordinasiya Şurasının təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçrilib. Tədbirdə Finlandiyada yaşayan azərbaycanlılarla yanaşı, Finlandiya ictimaiyyətinin təmsilçiləri, Azərbaycanın Finlandiyadakı diplomatik korpusunun nümayəndələri və digər qonaqlar iştirak edib.
Azərbaycan, ingilis və fin dilində keçən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Finlandiya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova iştirakçıları salamlayaraq Həmrəylik Gününün tarixi barədə onlara məlumat verib, dünya azərbaycanlılarının həmryəliyinin və azərbaycançılıq ideyalarının yaranmasında ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulayıb. Azərbaycan dövlətinin diaspora diqqət və qayğısından danışan təşkilat rəhbəri Prezident İlham Əliyevin xaricdəki soydaşlarımıza göstərdiyi dəstək barədə danışıb. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında, Azərbaycan mədəniyyətinin tanıdılmasında birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri vurğulanıb.
Tədbirdə çıxış edən Finlandiya Azərbaycanlıları Assosasiyasının vitse-prezidenti və Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay dünyada yaşayan 50 milyondan artıq azərbaycanlının bu bayrama önəm verdiyini vurğulayaraq bütün soydaşlarımızı bu münasibətlə təbrik edib.
Daha sonra Aylin Cabbarlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı ingilis dilində geniş çıxış edib. Çıxışlardan sonra tədbirin bədii hissəsində Finlandiyada yaşayan azərbaycanlı musiqiçilər Savojifar Mona, Leyli Hüseynova, Nəzrin Məcidli və başqaları Azərbaycanın xalq mahnılarını, türk musiqilərini oxuyub, fortepianoda Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər.
Sonda Finlandiya Azərbaycanılılarının Koordinasiya Şurası adından iştirakçılara yeni il hədiyyələri təqdim edilib.