Hindistanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsində Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə görüş keçirilib. Qonağı salamlayan Komitə sədri Hindistan və Azərbaycanın qədim tarixi əlaqələr və ortaq ənənələrə əsaslanan yaxın dostluq münasibətlərindən söhbət açıb. İkitərəfli münasibətlərin inkişafından danışan səfir S.Rana Dövlət Komitəsinin sədri Fuad Muradovun deputatlıq müddəti dönəmində üzvü olduğu Azərbaycan-Hindistan parlamentlərarası dostluq qrupunun, eləcə də Azərbaycandakı hind icmasının, diplomatik xidmətlərin bu əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələri vurğulayıb.
Görüşdə, həmçinin, 300 illik tarixi olan hind diasporunun təcrübəsinin öyrənilməsi, müxtəlif ölkələrdə Azərbaycan və hind icmasının əməkdaşlıq imkanları müzakirə edilib. Bundan başqa, Azərbaycandakı hind icmasının fəaliyyəti də diqqət mərkəzində olub. Bildirilib ki, hazırda Azərbaycanda beynəlxalq şirkətlərdə çalışan, əmtəə ticarəti, iaşə və restoran biznesi ilə məşğul olan 2000-ə yaxın hindistanlı yaşayır. Hindistan Assosiasiyası, Hindistan-Azərbaycan Assosiasiyası (HAA) və Bakı-Malyali Assosiasiyasında birləşən hindistanlılar qarşlıqlı mədəni əlaqələrin inkişafına öz töhfələrini verir.
Sonda Dövlət Komitəsinin sədri Fuad Muradov diplomatik fəaliyyət müddəti başa çatan səfir S.Rana gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.