Berlində keçirilən anım tədbirində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışılıb

Almaniyada yaşayan soydaşlarımız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anıb. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində keçirilən anım tədbirində Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar və səfirliyin əməkdaşları iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi düzən iştirakçılar, daha sonra ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə sovet dövründə və müstəqilliyimiz bərpa edildikdən sonra müasir Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və inkişafında böyük siyasi xadim Heydər Əliyevin əvəzsiz xidmətləri barədə məlumat verilib. 1993-cü ildə xalqın arzusu və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin Azərbaycanı məhv olmaq təhlükəsi və parçalanmaqdan xilas etdiyi, yeni yaranmış dövlətin gələcək üçün siyasi-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirdiyi qeyd edilib.
Ümummilli liderin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalandığı, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi nəhəng transmilli layihələrin təməlinin qoyulduğu xatırladılıb.
Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasətin, eləcə də strateji kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Azərbaycanın sabit və davamlı tərəqqi yolunu davam etdirdiyi, ölkəmizin dünyada tolerantlıq və multikulturalizm mərkəzinə çevrildiyi vurğulanıb.
Çıxış edən tədbir iştirakçıları ümummilli liderlə bağlı xatirələrini bölüşüb. Daha sonra ulu öndərə həsr olunmuş sənədli film nümayiş etdirilib.