Parisdə ümummilli liderin xatirəsi anılıb

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib. Ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanındakı daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə təşkil olunan gecədə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ümummilli liderin adının ölkəmizin tarixinə həmişəlik həkk olduğunu bildirib. Diqqətə çatdırıb ki, ölkəmizin sosial böhrandan iflic vəziyyətə düşdüyü, xaos, vətəndaş müharibəsi ilə üzləşdiyi, xarici təcavüzə məruz qaldığı 1993-1994-cü illərdə Heydər Əliyev şəxsiyyətinin, eləcə də siyasi görüşlərinin böyüklüyü aydın şəkildə özünü göstərib. O, ölkəmizi belə çətin bir vəziyyətdən çıxarmağa nail olub. Heydər Əliyev Azərbaycanın müstəqil dövlət ideologiyasının təməlini qoyub. Həmçinin ölkəmiz dünya dövlətləri ilə balanslaşdırılmış münasibətlər qurub.
Anım mərasimində və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi, səfir Anar Kərimov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputat Sabir Hacıyev, əslən azərbaycanlı olan fransız aktyor Robert Hossein, Fransada Azərbaycanın Dostları Assosiasiyasının vitse-prezidenti Jan-Fransua Mansel, səfirliyin və daimi nümayəndəliyin əməkdaşları, Parisdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Sonra Fransanın Alfred Cortot adına ali musiqi məktəbinin tələbələri Vurğun Vəkilov (piano) və Ağarəhim Quliyev (fleytaçı) klassik musiqilər ifa ediblər. Gənc musiqiçilərin ifasında ümummilli liderin çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısı da səslənib.