Ukraynada ümummilli lider Heydər Əliyevə həsr olunmuş dərs keçirilib

Ukraynanın Dnepr şəhərində Dnepr Azərbaycanlıları İcmasının təşəbbüsü ilə yaradılan "Azərbaycan dili" məktəbində ümummilli lider Heydər Əliyevə həsr olunmuş dərs keçirilib.
Dərs zamanı şagirdlərə Heydər Əliyevin həyat yolu, gördüyü işlər və Ukrayna-Azərbaycan əlaqələrinə verdiyi töhfələrdən danışılıb, Ukraynada Azərbaycan diasporu-nun inkişafı sahəsindəki rolundan söz açılıb. Bildirilib ki, Heydər Əliyev hələ Sovet döv¬ründə Azərbaycanla yanaşı, digər ittifaq respublikalarının da sosial-mədəni inkişafında müstəsna xidmətlər göstərib.
1999-cu ildən fasilələrlə öz işini davam etdirən Dnepr Azərbaycanlıları İcmasının "Azərbaycan dili" məktəbi kiçik soydaşlarımızın azərbaycançılıq ideyası ruhunda böyüməsi, bu ideologiya ətrafında sıx birləsməsi istiqamətində fəaliyyət göstərir.
Xatırladaq ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) ilə birgə fəaliyyət göstərən Dnepr Azərbaycanlıları İcması aktiv regional diaspor təşkilatıdır. UABD regional təşkilatların "Azərbaycan dili" məktəblərini, özlərinin hazırladıqları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çap edilən dərs vəsaitləri ilə təmin edir.