İspaniya mətbuatı Azərbaycandan yazır

İspaniyanın Basklar Ölkəsində fəaliyyət göstərən "Mugalari" nəşri Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyasının (ACAE) bu ölkədəki fəaliyyəti, Azərbaycanla əməkdaşlıq perspektivləri haqqında yazı dərc edib. Məqalədə deyilir ki, ACAE iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Təşkilatın prezidenti Fərid Mustafayev ispan nəşrinə bildirib ki, Azərbaycandan olan iş adamları və QHT-lər İspaniyanın Bask vilayəti ilə də sıx iqtisadi və mədəni əlaqələrin qurulmasında maraqlıdır. Məqalədə ACAE-nin təşkilatçılığı ilə keçirilən bir sıra tədbirlərə geniş yer verilib.
"Mugalari" nəşri Bilbaoda təşkil edilmiş görüşdən bəhs edərək, “Euskalduna” sarayında baş tutan tədbirin yüksək əhəmiyyət daşıdığını bildirir. ACAE-yə istinadən qeyd olunur ki, tədbir zamanı çıxış edənlər Azərbaycanın gənc müstəqil ölkə olaraq son illərdə keçdiyi inkişaf yolu, iqtisadi uğurları və bu istiqamətdə perspektivləri, mədəni özünəməxsusluğu, idman sahəsindəki nailiyyətləri barədə geniş məlumat veriblər.
ACAE-nin təşkilatçılığı ilə keçirilən müxtəlif tədbirlərdən bəhs edən məqalədə qeyd edilir ki, İspaniyalı məmurlar və iş adamları əməkdaşlığa böyük maraq göstərirlər.