Ukraynada Azərbaycan Respublikasının və Qara Qarayevin 100 illiyi qeyd olunub

Ukraynanın Dnepr şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir - konsert təşkil olunub.
Azərbaycanın Ukraynadakı səfirinin də iştirak etdiyi tədbir Dnepr şəhərində fəaliyyət göstərən Müslüm Maqomayev adına Beynəlxalq Fondun təşkilatçılığı, Dnepropetrovsk Azərbaycanlıları Liqası, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) dəstəyi ilə keçirilib. Konsert zamanı Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Dnepr Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayevin, Fikrət Əmirovun və Vasif Adıgözəlovun əsərləri təqdim olunub.
Tədbirdə Dnepropetrovsk Vilayət Deputatlar Şurasının sədri Q.Priqinov belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək, mədəni layihələrin davamlı şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda Yalçın Adıgözəlov və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli UABD-nin təsis etdiyi “Cümhiriyyət 100” Yubiley Ordeni ilə təltif ediliblər.