Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş keçirilib. Dövlət Miqrasiya Xidməti və Təhsil Nazirliyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə diasporun yerləşmə coğrafiyası, sayı və strateji inkişafı, Bakıda diaspor nazirliklərinin beynəlxalq sammitinin keçirilməsi və diasporla əlaqədar digər sahələrə dair əməkdaşlıq müzakirə olunub.
BMqT-nın miqrantların müdafiə və dəstək sektorunun müdiri Mariya Nikolovska həyata keçirilən fəaliyyət haqqında qısa məlumat verərək, hazırda Rusiya və Türkiyədə azərbaycanlıların sayının müəyyən edilməsi ilə bağlı layihənin həyata keçirildiyini diqqətə çatdırıb. Miqrantların problemlərindən danışan Təşkilat nümayəndəsi BMqT-nın Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Daha sonra Azərbaycan diasporunun tarixi, yerləşmə coğrafiyası, tərkibi və sayı barədə məlumat verən Komitənin Beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Vüqar Məmmədov Dövlət Komitəsində, müasir çağırışlara uyğun, yeni diaspor strategiyasının hazırlandığını diqqətə çatdırıb. Dövlət Komitəsi rəhbərliyinin səfər etdiyi ölkələrdə BMqT nümayəndələri ilə keçirdiyi görüşlərdən söhbət açan V.Məmmədov qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib.
Görüşdə vurğulanıb ki, tarixin müəyyən dönəmlərində azərbaycanlılar türk, fars, rus və digər millətlər adı altında qeydə alındığı üçün Azərbaycan diasporunun sayının müəyyən edilməsi hələ də problem olaraq qalır. Bu məsələdə BMqT ilə əməkdaşlığın faydalı ola biləcəyi vurğulanıb. Daha sonra Gürcüstandakı soydaşlarımız, onların yerli cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən təhsil, mədəniyyət, sosial və idman layihələrindən bəhs olunub.
Görüşdə müxtəlif ölkələrdə soydaşlarımızın sayının dəqiqləşdirilməsi, azərbaycanlı miqrantların hüquqlarının qorunması və s. istiqamətlərdə gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.