Buryatiyadakı Azərbaycan icmasına rəhbər seçkisi keçirilib

Rusiya Federasiyasının Buryatiya Respublikasında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin hesabat-seçki toplantısı keçirilib. İclasda görülmüş işlərə nəzər salınıb, gələcək planlar müzakirə edilib və təşkilati məsələlərə baxılıb.
Toplantıda qeyd edilib ki, təxminən 3300 həmyerlimizin yaşadığı Buryatiyadakı Azərbaycan diasporunun qarşısında duran vacib məsələlərdən biri Azərbaycan dilini tədris edən sinfin açılmasıdır. Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzi Həmrəylik Bayramını təşkil etmək üçün Ulan Ude meriyası ilə danışıqlar aparır. Nəzərdə tutulan tədbirin region rəhbərliyi ilə müştərək təşkil edilməsi planlaşdırılıb.
Daha sonra təşkilatı məsələlərə baxılıb, səsvermə əsasında Yusif Cəfərov növbəti dəfə təşkilatın rəhbəri seçilib.
Fizuli rayonundan olan Y.Cəfərov ötən əsrin 80-ci illərindən Buryatiyada yaşayır. Azərbaycan Respublikasının Tərəqqi medalı ilə təltif edilmiş Y.Cəfərov, eyni zamanda Buryatiyanın Əməkdar ticarət işçisi fəxri adına və Buryatiyanın yaranmasının 350 illiyi medalına layiq görülüb. Məhz onun təşəbbüsü ilə Anqoya qəsəbəsindəki dəmiryolu vağzalına Ümumilli lider Heydər Əliyevin adı verilib.