Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Nyu-Yorkda görüşləri davam etdirir

ABŞ-a səfər edən Dövlət Komitəsinin nümayəndə heyəti Amerika Sefardlar (ispaniya yəhudiləri) Federasiyasının İdarə heyətinin prezidenti David Dangoor ilə görüşüb. Görüşdə David Dangoor rəhbərlik etdiyi Federasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr və perspektivlər barədə məlumat verilib. Eyni zamanda, Federasiya üzvləri işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər təəssüratlarını da nümayəndə heyəti ilə bölüşüb. Azərbaycan və Azərbaycan diasporu haqqında məlumat verən nümayəndə heyətinin rəhbəri gələcək perspektivlər barədə fikirlərini bildirib. Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə gələcək əməkdaşlıq istiqamətləri, Azərbaycanda və Amerikada ortaq layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Daha sonra nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və soydaşlarımızın təşkilatçılığı ilə keçirilən “Florida Keys” Gənc istedadlar üçün beynəlxalq musiqi müsabiqəsinin qala konsertinə qatılıblar. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və BMT yanında daimi nümayəndə Yaşar Əliyev də konsertdə iştirak edib. Tədbirdə çıxış edən Komitə sədri Fuad Muradov soydaşlarımızı salamlayaraq, belə tədbirlərin mədəni irsimizin təbliği baxımından əhəmiyyətini vurğulayıb. Dünya xalqlarının mədəni inteqrasiyası, mədəni dəyərləri bölüşməsi baxımından mədəniyyət tədbirlərinin zəruri olduğu bildirilib.
Tədbirdə müxtəlif millətləri təmsil edən uşaqların, o cümlədən azərbaycanlı uşaqların da ifaları səslənib.