İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Berndə İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasında təmsil olunan diaspor təşkilatlarının toplantısı keçirilib. Şuranın əlaqələndiricisi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirovun təşkilatçılığı ilə baş tutan toplantıda Bazeldəki Azərbaycanlı Qadınlar Cəmiyyətinin rəhbəri Arzu Əliyeva, Soloturn Azərbaycanlıları Dərnəyinin sədr müavini Baycan Yavuz və Azərbaycanın İsveçrədəki Səfirliyinin nümayəndəsi iştirak edib.
Şuranın iclasında 2018-ci ildə görülmüş işlərin hesabatı dinləndikdən sonra 2019-cu ilin planı müzakirə edilib, gələn il keçiriləcək tədbirlərin təqvimi hazırlanıb. Təşkilatların imkanları ilə bağlı fikir mübadiləsi aparılaraq, gələn il üçün nəzərdə tutulan tədbirlərin təşkilatlar üzrə bölgüsü müəyyənləşdirilib.
Beləliklə, 2019-cü ildə ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, milli mədəniyyətimizin təbliği istiqamətində 14 tədbirin keçirilməsi planlanlaşdırılıb.
Toplantıda tədbirlərin təşkilində qarşılıqlı dəstəyin zəruri olduğu vurğulanıb.