Azərbaycan icması kanadalıları milli mətbəximizlə tanış edib

Kanadanın Ottava şəhərindəki Azərbaycan icması milli mətbəximizin yerli sakinlərə tanıdılması məqsədilə "Gutab making Workshop" adlı tədbir keçirib. 9 Noyabr Azərbaycanın Dövlət Bayrağı gününə həsr edilən tədbirdə Ottava şəhərində yaşayan azərbaycanlılar, müxtəlif xalqların təmsilçiləri və Azərbaycanın Kanadadakı Səfirliyinin nümayəndəsi iştirak edib.
Tədbirdə qonaqlara Azərbaycan haqqında ətraflı məlumat verilib. Ölkəmizin tarixi, dövlətçilik ənənələri, zəngin mədəniyyəti, mətbəxi, təbiəti, turizm imkanları barədə danışılıb.
Görüşdə eyni zamanda, digər xalqların nümayəndələrini milli mətbəximizin nümunələri ilə əyani tanış etmək məqsədilə qutabın hazırlanması haqqında məlumat verilib, onlara qutabın hazırlanması və bişirilməsini öyrənmək imkanı yaradılıb.
Qonaqlar, xüsusilə yerli gənclər maraqlı görüşün təşkilinə görə Azərbaycan icmasının üzvlərinə təşəkkür edib və belə tədbirlərin mütəmadi keçirilməsinin qarşılıqlı dostluq əlaqələrinin möhkəmlənməsi üçün vacibliyini vurğulayıblar.