İsveçdə Azərbaycanın Dövlət Bayrağı günü qeyd edilib

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasında təmsil olunan "SAF" İsveç-Azərbaycan Birliyi Stokholm şəhərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü qeyd edib.
Tədbirdə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının İsveç üzrə əlaqələndiricisi, yazıçı-filosof Eluca Atalı, bu ölkədəki Azərbaycan icmasının üzvləri, xüsusilə gənc nəslin nümayəndələri, digər xalqların təmsilçiləri, Azərbaycandan olan sənət adamları və digər qonaqlar iştirak edib.
Azərbaycanın Dövlət Bayrağı, onun tarixi, üzərindəki rənglərin mənası haqqında qonaqlara, əsasən də gənc nəslin nümayəndələrinə ətraflı məlumat verilib, bir dövlət atributu kimi bayrağın müqəddəsliyi vurğulanıb. Eyni zamanda, bayrağımızın 1918-ci ildə qəbul olunduğu Azərbaycan Xalq Cümhuriyyəti dövründən bəhs edilib, onun varisi olan bugünkü Azərbaycanın inkişafından danışılıb.
Daha sonra İsveçdə yaşayan azərbaycanlı ailələrin övladları, vətən, bayraq haqqında şeirlər səsləndirib və tədbir əyləncəli musiqi porqamı ilə davam edib.