“Azərbaycan Diaspor Gəncləri” təşkilatının koordinatoru Dünya Forumunda

“Azərbaycan Diaspor Gəncləri” təşkilatının Macarıstan üzrə koordinatoru Murad Aslanlı Misirin Şarm-Əş-Şeyx şəhərində keçirilən Dünya Gənclər Forumunda iştirak edib.
Noyabrın 3-dən 6-dək davam edən Forum Misir Ərəb Respublikasının Prezidenti Əbdül Fəttah Əs-Sisinin təşəbbüsü ilə həyata keçirilir və 142 ölkədən 5000-dən çox gənc iştirak edir. Forumun məqsədi dünyadakı aktiv gəncləri bir araya toplayaraq “Sülh, İnkişaf və Kreativlik” mövzularında qlobal çağırışlara həll yollarını axtarmaqdır.
“Azərbaycan Diaspor Gəncləri” təşkilatının nümayəndəsi Murad Aslanlı da ilin ən böyük gənclər tədbirində iştirak edərək müxtəlif sessiyalarda yer alıb. O, Misir Prezidenti Əbdül Fəttah Əs-Sisinin şəxsən yer alacağı Dünya Gənclər Teatrına və Sülh Marafonuna dəvət alıb.
Qeyd edək ki, Forumda Azərbaycandan bir qrup gənc fəal da iştirak edir. Forum nəticələrin və bəyannamələrinin açıqlanacağı bağlanış mərasimi ilə yekunlaşacaq.