Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Polşanın paytaxtı Varşavada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub. Polşa Azərbaycanlıları Birliyinin üzvləri, Polşadakı Azərbaycan diasporunun nümayəndələri və polyak gənclər əvvəlcə Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri - general-leytenant Maçey Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın abidəsini ziyarət edib. Azərbaycan-Polşa münasibətlərinin rəmzinə çevrilən bu abidə önündə çıxış edən gənclər Polşa cəmiyyətinə sülh və dostluq mesajları verib, iki ölkə gənclərinin bundan sonra da birgə fəaliyyətinin vacibliyini qeyd ediblər.
Daha sonra AXC-nin 100 illiyinə həsr edilmiş "Azərbaycan-Polşa münasibətləri, tarixi, mədəni və strateji tərəfdaşlıq əlaqələrində iki ölkə gənclərinin rolu" mövzusunda forum keçirilib. Polşa Azərbaycanlılar Birliyi tərəfindən təşkil olunan forumda Polşada təhsil alan azərbaycanlı gənclər, Azərbaycan icmasının üzvləri, habelə yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
Polşa və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsindən sonra Polşa Azərbaycanlıları Birliyinin sədri Cavid Zeynalov iki ölkə gənclərinin qarşılıqlı münasibətlərindən danışıb və Polşadakı Azərbaycan diasporunun gücləndirilməsi istiqamətində görülən işlərdən söz açıb.
Sonra AXC-nin 100 illiyinə həsr edilmiş ingilis dillində sənədli film nümayiş etdirilib. Forum öz işini müxtəlif panellərdə davam etdirilib. Panel iclaslarda AXC-nin 100 illiyi, xaricdə təhsil və diaspor fəaliyyəti, Polşa cəmiyyətinə inteqrasiyanın əsas məqsəd və prinsipləri, Azərbaycan həqiqətlərinin təbliği və mövzularda müzakirələr aparılıb.
Forumda çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Polşa və Azərbaycan əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara məlumat verib. Tədbirin sonunda Polşada yaşayan və təhsil alan azərbaycanlı gənclərin sualları cavablandırılıb və yaxın gələcək üçün fəaliyyət perspektivləri müzakirə olunub.