Diaspor təşkilatı 15 illik yubileyini qeyd edib

Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin 15 illik yubileyi keçirilib. Tədbirdə Finlandiya Parlamentinin deputatları, Azərbaycan səfirliyinin nümayəndəsi, Türkiyənin Finlandiyadakı səfiri, Şimali Kipr təmsilçisi, Tatarıstan Səfirliyinin nümayəndəsi, Finlandiyanın ziyalıları, iş adamları, türk, tatar, rus, vyetnam, çin və digər xalqların diaspor nümayəndələri iştirak edib.
Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə cəmiyyətin rəhbəri Təranə Nəzərova Azərbaycan bayrağının Helsinkinin mərkəzində dalğalanmasının qürurverici olduğunu bildirib. Təşkilatın fəaliyyəti haqqında məlumat verən T.Nəzərova illərdir soydaşlarımızın bir araya gətirilərək Azərbaycanın tanıdılması, Azərbaycanın haqq səsinin yerli ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən bəhs edib. O, “Tərəqqi” medalına layiq görüldüyü üçün Azərbaycanın dövlət başçısına, Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib, əməkdaşlığın daha sıx davam edəcəyini vurğulayıb. Sonra Dövlət Komitəsi sədrinin Azərbaycan Finlandiya Dostluq Cəmiyyətinə təbrik məktubu səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Finlandiyadakı Səfirliyinin nümayəndəsi Vagif Seyidbəyov iştirakçılara səfir Adış Məmmədovun təbriklərini çatdırıb.
Tədbir konsert proqramı ilə davam edib.