Aktauda həmrəylik günü münasibətilə bayram tədbiri keçirilib

28 Dekabr, 2019

Qazaxıstanın Mangistau vilayətinin Aktau şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli tədbir keçirilib.

Şəhərin “Holiday İnn” otelində baş tutan tədbir ölkəmizin Aktaudakı Baş Konsulluğu tərəfindən təşkil edilib. Tədbirdə Mangistau vilayətinin akimi Serikbay Trumov, onun müavini Bakıtjan Kaçakov, Aktau şəhərinin akimi Qılımjan Niyazov, Aktau şəhər məclisinin deputatı Şəmsəddin Hüseynov, “Kazakh İnvest” milli şirkətinin regional direktoru Aydın Tumışev, yerli dövlət orqanlarının, Türkiyə, İran, Özbəkistan və Türkmənistanın diplomatik korpusunun, müxtəlif milli-mədəni cəmiyyətlərin nümayəndələri, “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, burada yaşayan azərbaycanlı iş adamları və tələbələr iştirak ediblər.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri ilə açılan mərasimdə Baş Konsul v.i.e., konsul Elmar Məmmədov, Mangistau vilayəti akiminin müavini Bakıtjan Kaçakov çıxış ediblər. Mərasim iştirakçılarını bayram münasibətilə təbrik edən natiqlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması və qorunması yolunda göstərdiyi müstəsna xidmətlərdən, onun layiqli davamçısı İlham Əliyevin ölkəmizin siyasi, iqtisadi qüdrətinin artırılması naminə həyata keçirdiyi islahatlardan, ölkəmizin son 28 il ərzində əldə etdiyi böyük uğurlardan, Azərbaycan və Qazaxıstan arasında dostluq əlaqələrinin inkişafından danışıblar.

Tədbirdə hər iki ölkənin mədəniyyətini və incəsənətini əks etdirən konsert proqramı təqdim olunub.