Dövlət Komitəsinin sədri: “Erməni lobbisinin yalanlarını gün üzünə çıxarırıq”

24 Dekabr, 2019

Türkiyənin “Yeni Akıt” qəzetində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun mühüm açıqlamalarının yer aldığı məqalə dərc olunub.
“Erməni lobbisini yalanlarını gün üzünə çıxarırıq” başlıqlı məqalədə Dövlət Komitəsinin sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bir millətin iki diasporu olmaz” bəyanatı çərçivəsində hərəkət etdiklərini, bu məqsədlə Türkiyənin “Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsi” ilə saziş imzaladıqlarını söyləyib. Bildirib ki, artıq hər iki ölkə diaspor siyasəti çərçivəsində informasiya mübadiləsi aparır, ardıcıl olaraq qarşılıqlı səfərlər gerçəkləşdirilir, ortaq proqramlar hazırlanır, qisa müddət üçün birgə Fəaliyyət Planı təsdiqlənib və hər iki ölkənin müvafiq qurumları davamlı olaraq ildə bir neçə dəfə birgə toplantılar keçirir.
Dövlət Komitəsinin sədri diaspor təşkilatlarının erməni lobbisi və qondarma soyqırım iddiasına qarşı apardıqları mübarizədən danışıb: “...qondarma soyqırım “platforması” üzərindən aparılan, böyük Türk düşmənliyini yayan erməni lobbisinin yalanlarını gün üzünə çıxarmaqla məşğuluq. Belə önəmli zamanda müstəqil Azərbaycan dövlətinin bütün gücü ilə xaricdəki hər bir azərbaycanlının yanında olması diasporumuz üçün bir fürsətdir”.
Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasını, Diaspor Gənclərinin Yay və Qış Düşərgələrinin təşkil olunmasını, Avropadakı gənc alimlər və tələbələr birliyinin iştirakı ilə Belçikanın Brüssel şəhərində Azərbaycan Diaspor Gənclərinin Qış Məktəbi layihəsinin gerçəkləşdirilməsini əsl məqsədinin bu böyük mücadilə mühitində güclərin bizim xeyrimizə dəyişməsinə xidmət etdiyini vurğulayan F.Muradov bildirib ki, bu layihələrin önəmi olduqca böyükdür: “Bu, sadəcə gənclərin əylənməsinə və istirahət etməsinə hədəflənmiş addım deyil. Bu, təşkilatlanmanın konkret yollarından biridir”.
Dövlət Komitəsi tərəfindən görülən işlərdən geniş bəhs olunan yazıda, bildirilir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Türkiyəyə gələn və orada sənədləri olmadan yaşayan azərbaycanlılarla bağlı ciddi iş aparılır. Özəl proqramın hazırlandığını deyən komitə sədri ən qısa müddətdə Türkiyədə sənədsiz yaşayan soydaşlarımızın, orada təhsil ala bilməyən uşaqların taleyi ilə bağlı gözəl nəticələrin ortaya çıxacağını bəyan edib.

Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq olar:

https://www.yeniakit.com.tr/haber/ermeni-lobisinin-yalanlarini-gun-yuzune-cikariyoruz-975186.html