Marneulidə "Gəlin, həmrəy olaq!" adlı bayram şənliyi keçirilib

23 Dekabr, 2019

Gürcüstanın Marneuli rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Gəlin, həmrəy olaq!” adlı təntənəli tədbir təşkil olunub.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə baş tutan bayram şənliyində Marneuli rayonunun azərbaycanlı icmasının nümayəndələri, mərkəzin müəllim-şagird heyəti, valideynlər və gənc fəallar iştirak ediblər.
Tədbiri Mərkəzin şagirdlərinin ifasında Şaxta baba və Qar qız açıb. GAİM-in direktoru Aygül İsayeva və digər qonaqlar dünya azərbaycanlılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik ediblər. Soydaşlarımıza əsl həmrəylik və birlik arzulanıb, hər zaman biri-birlərinə dəstək olmağın zəruriliyi vurğulanıb.
Tədbir Mərkəzdə təhsil alan gənclərin ifasında Azərbaycan, gürcü, ingilis dillərində şeir və mahnıların səsləndirilməsi, intellektual oyunun, milli və gürcü rəqslərinin, səhnəciklərin və akrobatika ginmastikası üzrə nömrələrin nümayiş olunması ilə davam etdirilib.
Sonda intellektual oyunun qaliblərinə hədiyyələr, Mərkəzin müəllimləri Leyla Babayevaya, Fatma Əliyevaya, Kamran Əfəndiyevə, Məhəmməd Aslanova, Nərgiz Nəbiyevaya, Afaq Qasımovaya, Musa Omarova, Hafizə Qasımovaya və digərlərinə təşəkkürnamələr təqdim edilib.