Diaspor üzvlərimiz Nyu-Yorkdakı Beynəlxalq Naş-Didan Gününə qatılıblar

18 Dekabr, 2019

Nyu-York şəhərindəki Yəhudi Tarixi Mərkəzində “International Nash-Didan (Judeo-Aramaic) Day” (“Beynəlxalq Naş-Didan Günü”) adlı tədbir keçirilib.
Amerika Sefardlar Federasiyasının təşkil etdiyi tədbirdə Nyu-York ştatının senatoru Anna Kaplan, İsrailli Nash-Didan ulduzu Hadassah Yeşurun, İraq, İran, Türkiyə və Azərbaycandan olan yəhudi icmalarının üzvləri, yəhudi-arami icmalarının tarix, mədəniyyət, dil və adət-ənənələrini araşdıran beynəlxalq ekspertlər, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxışı zamanı Nyu-York Azərbaycan İcmasının üzvü Əsmər Hüseynova bildirib ki, Azərbaycanda yəhudi icmasının mövcüd olmasına və geniş fəaliyyət göstərməsinə görə qürur duyur, eləcə də icmalarımız arasında yaranmış əlaqələri yüksək qiymətləndirir. İsrail və Azərbaycan arasında çox yaxın və strateji tərəfdaşlıq münasibətlərinin olduğunu bir daha nəzərə çatdıran natiq qeyd edib ki, tarixin ən çətin zamanlarında xalqlarımız həmişə bir-birini dəstəkləyiblər. Odur ki, sözügedən tədbirin keçirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstək göstərməsi “yaxın əməkdaşlığın bir göstəricisi”dir. Sonda Ə.Hüseynova tədbir iştirakçılarına uğurlar arzulayıb.
Tədbir çərçivəsində icma üzvlərimizin Nyu-York senatoru Anna Kaplanla görüşü keçirilib. Görüş zamanı iki icma arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.