Dövlət Komitəsinin sədri diaspor nümayəndələri ilə görüşüb

16 Dekabr, 2019

Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif ölkələrdən Azərbaycana gəlmiş diaspor nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Liderliyin inkişafı proqramı”nın iştirakçıları - Fransada və beynəlxalq miqyasda hüquq və vergi məsələləri üzrə xidmətlər təklif edən “LEXLOR” beynəlxalq hüquq şirkətinin rəhbəri və təsisçi partnyoru Edmond Verdier, Türkiyədə fəaliyyət göstərən “Edison” hüquq bürosunun sədri Ruslan Edison, Almaniyada miqrasiya və qaçqın məsələləri üzrə ictimai fəaliyyətlə məşğul olan Nurlan Məmmədov, Ukraynadakı “Riç-İnter Qrup” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Murad Cəfərov, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin İdarə Heyətinin sədri Murad Muradov təmsil olunub.
Komitə sədri Fuad Muradov ölkəmizin uğurlu diaspor siyasəti barədə məlumat verib, diaspor nümayəndələri ilə dövlət qurumları arasında əlaqələrin qurulması və əməkdaşlığın əhəmiyyətindən danışıb.
Liderlik proqramı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, icma işinin təşkili, xaricdəki potensialın müəyyən olunması, icma lideri olmağın əhəmiyyəti, gənc liderlərin daha da fəallaşdırılması və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Diaspor nümayəndələri öz fəaliyyətləri barədə məlumat verib, “Liderliyin İnkişafı Proqramını” və ümumiyyətlə Komitənin fəaliyyət prinsiplərini müəyyən edən Strateji Yol Xəritəsini yüksək qiymətləndirdiklərini qeyd ediblər.