Soydaşlarımız rus diasporunun konfransında iştirak ediblər

16 Dekabr, 2019

Finlandiyanın paytaxtı Helsinkidə bu ölkədə fəaliyyət göstərən rus diasporunun VI Ümumfinlandiya konfransı keçirilib.
Tədbirdə yerli hakimiyyət orqanlarının, diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrin diaspor rəhbərləri və üzvləri iştirak ediblər. Onların arasında Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova, üzvləri Aygül Rzayeva, Kamila Süleymanova, Nazəni Ələkbərova, Leyli Hüseynova və Gülzar İsmayıl da olublar.
Konfransda çıxışı zamanı Ülviyyə Cabbarova bu ölkədə yaşayan azərbaycanlılar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Finlandiya kimi inkişaf etmiş ölkənin dövlət strukturlarında və özəl sektorunda təmsil olunan soydaşlarımız malik olduqları bilik, bacarıq və qabiliyyətlərini yüksək səviyyədə nümayiş etdirirlər.
Böyük Vətən müharibəsində Qələbənin 75 illiyindən danışarkən natiq xatırladıb ki, həmin parlaq və tarixi nəticənin əldə olunmasında Azərbaycan xalqının həlledici payı olub, cəbhəyə 600 mindən çox azərbaycanlı oğlan və qız yola salınıb, müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycanda rus dilinə və mədəniyyətinə yüksək diqqət və qayğının göstərildiyi, Prezidentlər İlham Əliyev və Vladimir Putinin intensiv görüşlər keçirdiyi, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu yaxınlarda Rusiya Federasiyasına rəsmi səfəri “dövlətlərimiz və xalqlarımız arasında siyası münasibətlərin və dostluq əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsi” adlandırılıb.