Azərbaycan mədəniyyəti İsveçrədə tanıdılır

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin Prezidenti Qasım Nəsirovun müəllifi olduğu “Dünya mədəniyyəti” adlı layihə 3 ildir fəaliyyətdədir. Bu layihədə Azərbaycan mədəniyyəti barəsində referat və Azərbaycan rəqs kursları isveçrəli məktəblilərə təqdim edilir. Bu günə qədər hər il layihə 500-dən artıq məktəbliyə təqdim olunub. Bu il hərəsində təxminən 100 məktəbli olmaqla üç məktəbdə Azərbaycan mədəniyyəti və rəqsləri təqdim olunub ki, bu da onlara Azərbaycan mədəniyyətini daha yaxşı öyrənməyə kömək edir.
İsveçrədə böyük əks-səda yaradan layihə yüzlərlə gənc isveçrəliyə Azərbaycan mədəniyyətini və tarixi irsimizi tanıdır.
Məktəblərin böyük maraq göstərdiyi layihənin İsveçrə dövlət qurumları tərəfindən maliyyələşdirilməsi tədris müəssisələrində layihəyə daha geniş yer verilməsinə kömək edir. Hazırda iki yeni məktəb də layihə ilə bağlı müraciət edib və gələn ilin əvvəlində öz məktəblərində onu təqdim etməyi nəzərdə tuturlar.
Rəqs dərsləri Bern şəhərində açılan Azərbaycan dili və mədəniyyəti məktəbində Gülnarə Əliyeva tərəfindən peşəkar səviyyədə təqdim edilir.