Əziz diaspor gəncləri,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2022-ci il “Şuşa İli” elan edilmişdir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində "Şuşa İli" çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” təşkil ediləcək.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini bu yay düşərgəsində iştirak etməyə dəvət edirik.

Düşərgənin proqramına Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.

Gənclər ilk növbədə Tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, ölkəmizi uğurla təmsil etmək bacarıqları, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanları əldə edəcəklər.

Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. Bundan əvvəl təşkil edilmiş düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur, iştirak xərcləri (yol xərcləri, viza, yerləşmə, qidalanma və s.) tam şəkildə qarşılanacaq.

Düşərgədə iştirak etmək üçün gənclər 28 iyun 2022-ci il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat  səhifəsində yerləşdirilmiş onlayn anket formasını tam olaraq doldurub göndərməlidir. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.

Əlavə məlumat üçün:
E-mail: youthcamp@diaspora.gov.az  
Tel.: +994 12 493 10 54
Mob.; WhatsApp: +99450 762 25 95